المطففين
The Defrauders • 36 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Çəkidə və ölçüdə aldadanların vay halına!
2O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.
3Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.
4Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!
5(Özü də) əzəmətli bir gündə.
6O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!
7Xeyr! Günahkarların kitabı Siccindədir.
8Sən nə biləsən ki, Siccin nədir?!
9O, yazılı bir kitabdır!
10O gün (Qiyaməti) yalan sayanların vay halına!
11O kəslər ki, Din gününü yalan sayarlar.
12Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.
13Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.
14Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
15Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!
16Sonra onlar Cəhənnəmə girəcəklər.
17Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.
18Xeyr! Yaxşıların kitabı İlliyyundadır!
19Sən nə biləsən ki, İlliyyun nədir?!
20O, yazılı bir kitabdır!
21Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.
22Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
23Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
24Sən onların üzündə nemətlərin sevincini görəcəksən.
25Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.
26Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
27Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).
28O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
29Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.
30Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.
31Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.
32Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.
33Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.
34Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.
35Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
36Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!