عبس
He Frowned • 42 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –
2yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.
3(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi
4yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!
5(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,
6sən ona tərəf çevrilirsən.
7Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.
8Amma tələsərək sənin yanına gələn,
9(Allahdan) qorxan kimsəyə gəlincə,
10sən ona məhəl qoymursan!
11Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.
12Kim istəsə, ondan öyüd-nəsihət alar.
13(Bu Quran) möhtərəm səhifələrdədir.
14uca və pak (səhifələrdə).
15(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.
16möhtərəm və müti olan (mələklərin əllərində).
17Ölsün (kafir) insan! O necə də nankordur!
18(Qoy baxsın), Allah onu nədən yaratdı?
19(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.
20Sonra onun yolunu asanlaşdırdı.
21Sonra onu öldürüb qəbirə saldı.
22Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.
23Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
24Qoy insan yediyinə baxsın!
25Biz yağışı bol-bol yağdırdıq.
26Sonra da yeri çat-çat yardıq.
27Orada dən yetişdirdik.
28(Habelə) üzüm və yonca,
29zeytun və xurma (ağacları),
30sıx-sıx bağlar,
31meyvələr və otlar da (bitirdik).
32Sizin və heyvanlarınızın faydalanması üçün.
33Qulaqları kar edən səs gələndə –
34o gün insan qaçacaq öz qardaşından,
35anasından, atasından,
36həyat yoldaşından və övladlarından!
37O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
38O gün (neçə-neçə) üzlər parlayacaq.
39Güləcək və fərəhlənəcək.
40O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq.
41Onları zülmət bürüyəcək.
42Məhz onlar kafirlər, günahkarlardır!