النازعات
Those Who Drag Forth • 46 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!
2And olsun (möminlərin canını) rahatlıqla alanlara!
3And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!
4And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!
5And olsun işi yerinə yetirənlərə!
6O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək.
7Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir).
8O gün qəlblər (qorxudan) tir-tir əsəcək.
9(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır.
10Onlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?
11Çürümüş sümüklər olduğumuzdan sonramı?
12Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər.
13O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir.
14Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar.
15(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?
16O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:
17“Fironun yanına get! Çünki o, həddi aşmışdır.
18(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?
19Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
20(Musa) ona ən böyük ayəni göstərdi.
21O isə (haqqı) yalan saydı və asi oldu.
22Sonra da üz döndərib (tələsərək) getdi.
23O, (camaatını) toplayıb (onlara) nida edərək:
24“Mən sizin ən uca Rəbbinizəm!”– dedi.
25(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
26Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır.
27Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi.
28Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi.
29Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı.
30Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi).
31Ondan suyunu və otlağını çıxartdı.
32Dağları da (yerə) bərkitdi.
33Sizin və heyvanlarınızın faydalanması üçün.
34Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman –
35o gün insan etdiklərini xatırlayacaqdır.
36Cəhənnəm isə hər görənə göstəriləcəkdir.
37Amma kim həddi aşıbsa,
38dünya həyatını (axirətdən) üstün tutubsa,
39şübhəsiz ki, Cəhənnəm onun məskənidir.
40Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,
41şübhəsiz ki, Cənnət onun məskənidir.
42(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.
43Sən onu haradan biləsən?!
44Onu kamil bilmək Rəbbinə aiddir.
45Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən.
46Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!