النبأ
The Tidings • 40 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?
2Böyük bir xəbər (Qiyamət) barəsində –
3(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.
4Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!
5Bir daha xeyr! Onlar mütləq biləcəklər!
6Məgər Biz yeri döşək etmədikmi?
7Dağları da dirəklər?
8(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.
9Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
10Gecəni örtük etdik.
11Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.
12Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
13Parlaq bir çıraq (günəş) yaratdıq.
14Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
15onunla toxum və (digər) bitkilər yetişdirək,
16habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
17Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
18(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.
19(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.
20Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.
21Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.
22O, həddi aşanların qayıdacağı yerdir.
23Onlar orada əsrlər boyu qalacaqlar.
24Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.
25(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –
26(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.
27Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.
28Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
29Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.
30Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
31Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.
32(Həmçinin) bağlar və üzümlüklər,
33dolğun döşlü həmyaşıd qızlar
34(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
35Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.
36(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.
37Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
38O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.
39O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!
40Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.