المرسلات
Those Sent Forth • 50 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə)
2və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)!
3And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
4(haqqı batildən) ayırdıqca ayıranlara
5və zikri (peyğəmbərlərə) çatdıranlara –
6üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)!
7Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır.
8Ulduzlar sönəcəyi zaman;
9Göy yarılacağı zaman;
10Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman;
11Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman
12(Belə deyiləcəkdir:) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
13(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!”
14(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?!
15O gün (Qiyaməti) yalan sayanların vay halına!
16Məgər Biz əvvəlkiləri həlak etmədikmi?!
17Sonra axırda gələnləri də onlara qatacağıq.
18Biz günahkarlarla belə edərik.
19O gün (Qiyaməti) yalan sayanların vay halına!
20(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
21Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
22Məlum bir vaxta qədər.
23Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
24O gün (Qiyaməti) yalan sayanların vay halına!
25Məgər Biz yeri məskən etmədikmi –
26dirilərə və ölülərə?
27Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
28O gün (Qiyaməti) yalan sayanların vay halına!
29(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)!
30(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!”
31Ora nə kölgə salar, nə də alovdan qoruyar.
32O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər.
33Sanki o (qığılcımlar) qara dəvələrdir.
34O gün (Qiyaməti) yalan sayanların vay halına!
35Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür.
36Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
37O gün (Qiyaməti) yalan sayanların vay halına!
38Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!
39Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun!
40O gün (Qiyaməti) yalan sayanların vay halına!
41Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42və iştahları çəkdiyi meyvələr içində olacaqlar.
43(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
44Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45O gün (Qiyaməti) yalan sayanların vay halına!
46(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
47O gün (Qiyaməti) yalan sayanların vay halına!
48Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar).
49O gün (Qiyaməti) yalan sayanların vay halına!
50Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?!