المعارج
The Ascending Stairways • 44 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1İstəyən kimsə baş verəcək əzabı istədi –
2(bunu) kafirlər üçün istədi. Onu (o əzabı kafirlərdən) dəf edəcək bir kimsə yoxdur.
3(O əzab), uca məqamlar sahibi olan Allahdandır.
4Mələklər və Ruh (Cəbrail) Allaha doğru müddəti əlli min ilə bərabər bir gündə yüksələrlər.
5(Ey Peyğəmbər!) Sən gözəl bir səbirlə səbir et!
6Onlar (kafirlər) o əzabı uzaq olduğunu görürlər.
7Biz isə onun yaxın olduğunu görürük.
8O gün göy əridilmiş mədən kimi olacaqdır.
9Dağlar da (didilmiş) yun kimi olacaqdır.
10Dost dostun halını soruşmayacaqdır.
11Onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
12zövcəsini və qardaşını,
13(Çətin gündə) ona sığınacaq verən qohum-əqrabasını
14və yer üzündə olanların hamısını (fidyə versin) özünü (Allahın əzabından) xilas etsin.
15Xeyr! O, alovlu Oddur –
16başın dərisini sıyırıb çıxaran (bir od).
17(O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni
18və (mal-dövlət) yığıb saxlayanı.
19Həqiqətən, insan (mal-dövlətə) çox həris yaradılmışdır.
20Ona (yoxsulluq və xəstəlik kimi) bir şər toxunduqda özündən çıxar.
21Ona bir xeyir nəsib olduqda isə (Allah yolunda xərcləməkdən) xəsislik edər.
22Yalnız namaz qılanlardan başqa.
23O kəslər ki, namazlarında daimidirlər.
24O kəslər ki, onların mallarında bəlli bir haqq var –
25dilənən və (həya edib istəmədiyinə görə) məhrum qalan kimsə üçün.
26O kəslər ki, Din gününü təsdiq edirlər.
27O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
28Çünki Rəbbinin əzabından əmin olmaq olmaz.
29O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyurlar –
30yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar (buna görə) qınanmazlar.
31Bundan artığını istəyənlər isə həddi aşanlardır.
32O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edirlər.
33O kəslər ki, şahidliklərində doğrudurlar.
34O kəslər ki, namazlarını qoruyarlar (namazlarını layiqincə əda edərlər).
35Onlar Cənnətlərdə hörmət göstəriləcək kimsələrdir.
36(Ey Peyğəmbər!) Sənə doğru tələsən kafirlərə nə olub belə –
37sağdan-soldan dəstə-dəstə (ətrafına yığışırlar)?
38Yoxsa onların hər biri Nəim cənnətinə daxil olacağına ümidmi edir?!
39Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən (bir qətrə nütfədən) xəlq etdik.
40And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –
41onları daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
42(Ey Peyğəmbər!) Vədə olunduqları günə qovuşanadək onları tərk et, qoy (batil inanclarına) dalsınlar və əylənsinlər.
43O gün onlar (dünyada ibadət etdikləri) bütlərə can atırmışlar kimi qəbirlərdən tələm-tələsik çıxacaqlar.
44(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd edilmiş (Qiyamət) günüdür!