المؤمنون
The Believers • 118 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Möminlər, həqiqətən də, nicat tapmışlar;
2o kəslər ki, namazlarında mütidirlər,
3o kəslər ki, lağlağıdan üz çevirirlər,
4o kəslər ki, zəkat verirlər,
5o kəslər ki, övrət yerlərini qoruyurlar,
6zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar.
7Bundan artığına can atanlar isə həddi aşanlardır.
8O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
9O kəslər ki, namazlarını vaxtlı-vaxtında qılırlar.
10Məhz onlar – varis olanlardır.
11O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.
12Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.
13Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.
14Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
15Bundan sonra siz mütləq öləcəksiniz.
16Sonra da Qiyamət günü dirildiləcəksiniz.
17Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatdan da xəbərsiz deyilik.
18Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu aparmağa da qadirik.
19Sonra həmin su ilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.
20Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ, həm də şirə verir.
21Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda bir çox faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
22Siz həm o heyvanların, həm də gəmilərin üstündə daşınırsınız.
23Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
24Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
25Bu ancaq cinli bir adamdır. Odur ki, onu bir müddət gözləyin!”
26O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə yardım et!”
27Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər müstəsna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.
28Sən və səninlə bərabər olanlar, gəmiyə mindiyiniz zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”– de.
29Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən yer verənlərin ən yaxşısısan!”
30Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı belə) sınağa çəkirik.
31Biz onlardan sonra isə başqa bir nəsil yaratdıq.
32Onlara özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
33Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
34Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
35O sizə, ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (qəbirlərinizdən) çıxarılacağınızımı vəd edir?
36Sizə vəd olunan (öldükdən sonra dirilmək) çox uzaqdır, çox uzaq!
37Həyat, ancaq bizim bu dünya həyatımızdır. Ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.
38Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
39O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymalarına qarşı mənə yardım et!”
40(Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar!”
41Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları (daşqının apardığı) çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
42Biz onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
43Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
44Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən qövm!
45Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
46Firona və onun əyanlarına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan kimsələr idilər.
47Onlar dedilər: “Qövmləri bizə kölə olduğu halda, bizim kimi iki insana inanacağıq?”
48Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.
49Biz Musaya Kitab (Tövrat) verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
50Biz Məryəm oğlunu və onun anasını (qüdrətimizə dəlalət edən) bir ayət etdik. Onları əlverişli bir yerdə, çeşmə axan uca bir yerdə yerləşdirdik.
51Ey elçilər! Halal nemətlərdən yeyin və saleh əməllər edin! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
52Bu (İslam), vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
53Lakin (insanlar) dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə yanında olanlarla sevinər.
54(Ey Rəsulum!) Sən onları bir müddət öz cəhaləti içində burax!
55Yoxsa (kafirlər) elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
56onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bunu) hiss etmirlər.
57Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
58Rəbbinin ayələrinə iman gətirənlər,
59Rəbbinə şərik qoşmayanlar,
60Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını (namazı, zəkatı, həcci, sədəqəni və s. başqa ibadətləri) qəlbləri qorxa-qorxa yerinə yetirənlər –
61Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
62Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
63Lakin onların qəlbi bundan (haqqı deyən bir Kitabdan) qafildir. Onların bundan əlavə etdikləri başqa (pis) əməlləri də vardır.
64Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
65(Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir yardım göstərməyəcəyik!”
66Ayələrim sizə oxunurdu, siz isə arxanızı çevirirdiniz.
67Həm də (Kəbə əhlisiniz deyə bununla özünüzü insanlardan üstün görərək) təkəbbürlük edir, gecələr (Kəbənin ətrafında toplanaraq Quran barədə) pis sözlər danışırdınız.
68Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara ulu babalarına gəlməyən bir şeymi gəldi?
69Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
70Yoxsa: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
71Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
72Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir!
73Şübhəsiz ki sən, onları doğru yola çağırırsan.
74Axirətə inanmayanlar isə doğru yoldan azanlardır.
75Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar (yenə öz) azğınlıqları içində sərgərdan gəzəcəklər.
76Biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.
77Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
78Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
79Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız.
80Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?
81Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.
82Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?”
83Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir.
84De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimə məxsusdur?”
85Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?”
86De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?”
87Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”
88De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
89Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
90Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
91Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
92O, qeybi və aşkarı biləndir. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən ucadır.
93De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,
94məni zalım qövmün içində qoyma, ey Rəbbim!”
95Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
96Sən pisliyi yaxşılıqla dəf et. Biz onların vəsf etdikləri sifətləri (Allaha şəriklər qərar verdiklərini və ya sənin barəndə dediklərini) daha yaxşı bilirik.
97De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
98Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
99Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
100Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır.
101Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
102(O gün) tərəziləri ağır gələnlər nicat tapacaqlar.
103Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
104Od onların üzünü yandıracaq və onlar orada (dodaqları əzabdan qıc olub) dişləri ağarmış bir halda qalacaqlar.
105Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?
106Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir qövm olduq.
107Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən biz, zalımlardan olarıq”.
108(Allah) buyuracaq: “Orada zəlil vəziyyətdə qalın və Mənə heç nə deməyin!
109Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər.
110Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
111Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
112Allah (kafirlərdən): “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaqdır.
113Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan (mələklərdən) soruş”– deyəcəklər.
114Allah deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!
115Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”
116Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, dəyərli Ərşin Rəbbidir.
117Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
118De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”