النحل
The Bee • 128 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır.
2Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa (ibadətə layiq olan) məbud yoxdur. Məndən qorxun!”.
3Allah göyləri və yeri haqq olaraq yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.
4Allah insanı nütfədən yaratdı. O isə (Rəbbinə qarşı) açıq-aşkar mübahisəçiyə çevrildi.
5Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün (bədəninizi) isti saxlayan (yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan (onların ətindən) yeyirsiniz.
6Mal-qaranı axşam tövləyə qaytardıqda da, səhər (otarmaq üçün) çölə buraxdıqda da sizin üçün bir gözəllik (və ya zinət) vardır.
7Onlar sizin yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz şəfqətlidir, rəhmlidir.
8Atı, qatırı və uzunqulağı sizə həm minik, həm də zinət olsun deyə, Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradacaqdır.
9Doğru yolu göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.
10Göydən yağmur endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür.
11Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünən qövm üçün dəlillər vardır.
12O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etmişdir. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunda anlayan qövm üçün dəlillər vardır.
13Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan qövm üçün dəlillər vardır.
14Təzə ət (balıq əti) yeməyiniz və taxdığınız bəzək şeylərini (mirvari və s.) çıxartmağınız üçün dənizi sizə ram edən Odur. Sən gəmilərin dənizi yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Allahın lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
15(Allah,) yer sizi yırğalamasın deyə, onun üstündə möhkəm dağlar, habelə, düzgün istiqamət götürəsiniz deyə, çaylar və yollar yaratdı.
16(Yollarda) əlamətlər də (yaratdı. İnsanlar getdikləri) istiqaməti ulduzlar vasitəsilə də müəyyənləşdirərlər.
17Heç yaradan (Allah), yarada bilməyənə (məxluqa) bənzəyərmi?! Məgər düşünmürsünüz?
18Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
19Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir.
20(Müşriklərin) Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Əksinə,) onlar özləri yaradılmışlar.
21(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.
22Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbləri (isə haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər.
23Şübhəsiz ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. O, təkəbbürlük edənləri sevməz.
24(Kafirlərdən:) “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Keçmişdəkilərin nağıllarını!”– deyə cavab verdilər.
25Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və cahillikləri üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir!
26Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.
27Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?!” Elm verilmiş kimsələr deyəcəklər: “Bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcəkdir!”
28Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqda, onlar təslim olub: “Biz heç bir pislik etmirdik!”– (deyəcəklər. Onlara belə deyiləcək:) “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
29Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”
30Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir!)”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
31Onlar (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
32O kəslər ki, mələklər onların canlarını (şirkdən və küfürdən) pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə Cənnətə daxil olun!”– deyərlər.
33Yoxsa (kafirlər) özlərinə ancaq mələklərin, yaxud Rəbbinin əmrinin (əzabının) gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
34Onlara etdikləri pis əməllərin cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları yaxaladı.
35Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!”. Onlardan əvvəlkilər də belə etmişdilər. Məgər peyğəmbərlərin vəzifəsi ancaq açıq-aydın təbliğ etmək deyilmi?!
36Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azdırmışdır. Yer üzündə gəzib dolaşın və (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün!
37Sən onların doğru yola gəlməsi üçün nə qədər çalışsan da, (bil ki,) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də tapılmaz.
38Onlar: “Allah ölən bir kəsi diriltməyəcəkdir!”– deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allahın ölüləri dirildəcəyi barədə) verdiyi vəd haqdır, lakin insanların çoxu (bunu) bilməz.
39(Allah ölüləri dirildəcəkdir ki,) ixtilafda olduqları şeyləri onlara bəyan etsin və kafirlər də özlərinin yalançı olduqlarını bilsinlər.
40Biz bir şey (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da (dərhal) olur.
41Zülmə uğradıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!
42(Onlar) səbir edən və yalnız Rəbbinə təvəkkül edən kəslərdir.
43(Ey Peyğəmbər!) Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz yalnız kişiləri (peyğəmbər) göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.
44(Biz o peyğəmbərləri) açıq-aydın dəlillər və kitablarla (göndərdik). Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanları (hökmləri) izah edəsən və bəlkə onlar fikirləşələr.
45(Haqq əhlinə qarşı) hiylələrə əl atanlar, Allahın onları yerə batırmayacağına, yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?!
46Yoxsa, gəzib dolaşarkən (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Onlar (Allahdan) yaxa qurtara bilməyəcəklər.
47Yaxud qorxu içində olduqları halda, (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Həqiqətən, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir.
48Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir.
49Göylərdə və yerdə olanların hamısı – canlılar, hətta mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər.
50Onlar özlərinin fövqündə olan Rəbbindən qorxar və özlərinə əmr edilənləri yerinə yetirərlər.
51Allah buyurdu: “İki ilah qəbul etməyin! O, ancaq Tək bir İlahdır. Yalnız Məndən qorxun!”.
52Göylərdə və yerdə nə varsa, Onundur. Din də (itaət və ibadət də) daim Ona məxsusdur. Belə isə, siz Allahdan başqasındanmı qorxursunuz?!
53Sizə verilən hər bir nemət Allahdandır. Sonra sizə bir bəla üz verdikdə, ancaq Ona yalvarırsınız.
54Bəlanı sizdən sovuşdurduqdan sonra isə, sizlərdən bəziləri Rəbbinə şərik qoşur.
55Onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
56(Müşriklər,) özlərinə verdiyimiz ruzidən heç nə anlamayanlara (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə, mütləq sorğu-sual olunacaqsınız.
57Onlar Allaha qızlar isnad edirlər. (Mələklərin, Onun qızları olduğunu deyirlər). Allah pak və müqəddəsdir. Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər.
58Onlardan birinə qızı olması ilə müjdə verildikdə, qəzəbindən üzü qapqara qaralır.
59Ona verilən bəd müjdə ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar (Allaha övlad isnad etmələri) necə də pisdir!
60Pis sifət axirətə inanmayanlara xasdır. Ən uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
61Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər (əcəl yetişənədək) möhlət verir. Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər.
62(Müşriklər) özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar.
63Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
64Biz Kitabı sənə yalnız ixtilafda olduqları şeyləri onlara bəyan edəsən və iman gətirən bir qövmə doğru yol göstəricisi və rəhmət olaraq nazil etdik.
65Allah göydən yağmur yağdırıb onunla yer üzünü öldükdən sonra dirildər. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.
66Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
67Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
68Rəbbin bal arısına ilham edərək belə buyurdu: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
69Sonra bütün meyvələrdən ye və Rəbbinin (sənin üçün) asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından müxtəlif rəngli bal çıxır. Onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
70Sizi Allah yaratdı. Sonra O sizi öldürəcək. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.
71Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?
72Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb, Allahın nemətini inkarmı edirlər?
73Onlar (Müşriklər) Allahı qoyub özlərinə göylərdən və yerdən heç bir ruzi verməyən və buna gücləri çatmayan (bütlərə) ibadət edirlər.
74Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz.
75Allah, heç bir şeyə qadir olmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.
76Allah eləcə də iki kişi barəsində misal çəkdi; onlardan biri laldır, heç bir şeyə qadir deyil və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətlə əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?!
77Göylərin və yerin qeybini bilmək Allaha aiddir. Qiyamət saatının gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
78Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz bir halda çıxartdı. Bəlkə şükür edəsiniz deyə sizə qulaqlar, gözlər və ürəklər verdi.
79Məgər onlar Allaha tabe olub, havada uçan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.
80Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi.
81Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə (Ona) təslim olasınız (itaət edəsiniz).
82Əgər onlar üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir.
83Onlar Allahın nemətini bilir, sonradan onu inkar edirlər. Onların çoxu kafirlərdir.
84Hər ümmətdən bir şahid gətirəcəyimiz gün, kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır.
85Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcək.
86Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa tapındığımız şəriklərimizdir!”. (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab verəcəklər.
87O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.
88Kafir olub (insanları) Allah yolundan azdıranlara, törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq.
89O gün hər ümmətə özlərindən bir şahid gətirəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da doğru yol göstərən, mərhəmət və müjdə olaraq nazil etdik.
90Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
91Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah nələr etdiyinizi bilir.
92İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir.
93Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.
94Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Üstəlik, axirətdə böyük bir əzaba düçar olarsınız.
95Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan (savab) sizin üçün daha xeyirlidir.
96Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.
97Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
98Quran oxuduqda (Allahın rəhmətindən) qovulmuş şeytandan Allaha sığın!
99Şübhəsiz ki, iman gətirib və Rəbbinə təvəkkül edənlər üzərində şeytanın heç bir hökmranlığı yoxdur.
100Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.
101Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların əksəriyyəti (bunu) bilməz.
102De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən, iman gətirənləri sabitqədəm etmək, müsəlmanlara doğru yol göstərmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir”.
103Biz onların: “(Quranı) ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir.
104Allahın ayələrinə inanmayanları Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır.
105Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.
106Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər müstəsna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.
107Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına görədir. Allah kafir qövmü doğru yola yönəltməz.
108Bunlar, Allahın, qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurduğu kimsələrdir. Onlar əsl qafildirlər.
109Heç şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır.
110Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib, (çətinliklərə) səbir edənləri bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir.
111O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.
112Allah arxayınlıq və əmin-amanlıq içində olan, ruzisi hər yerdən bol-bol gələn bir diyarı (Məkkəni) misal çəkir. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
113Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. (Buna görə də) zülm etdikləri zaman əzab onları yaxaladı.
114Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.
115O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa (ona günah yazılmaz), şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
116Dilinizin yalana alışdığından dolayı, Allaha qarşı yalan uydurmaq üçün: “Bu halaldır, o haramdır!”– deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
117(Dünyada onlar üçün) az bir mənfəət (vardır, axirətdə isə) onları ağrılı-acılı bir əzab gözləyir.
118Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
119Şübhəsiz ki, Rəbbin, cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib (özlərini) islah edənləri, (bütün) bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək.
120Həqiqətən, İbrahim Allaha müti, hənif (batildən haqqa tapınan) bir rəhbər idi. O, müşriklərdən olmamışdı.
121O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.
122Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir.
123Sonra sənə (belə) vəhy etdik: “Hənif (Batildən haqqa tapınan) İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi”.
124Şənbə günü, ancaq onun barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.
125(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.
126(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir.
127Səbir et! Sənin səbrin ancaq Allahın köməyilədir. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.
128Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.