الليل
The Night • 21 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!
2And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!
3And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!
4(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!
5Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,
6və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,
7Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik.
8Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə
9və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,
10Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.
11(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.
12Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
13Sözsüz ki, Axirət də, dünya da Bizimdir.
14(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.
15Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.
16O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.
17Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.
18O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.
19Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur.
20(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.
21O, razı qalacaqdır!