المدثر
The Cloaked One • 56 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Ey (libasına) sarınan (Peyğəmbər)!
2Qalx (insanları) xəbərdar et!
3Rəbbini uca tut!
4Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
5Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)
6Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)
7Rəbbin üçün səbir et!
8Sura üfürüləcəyi zaman,
9O gün çətin bir gün olacaqdır.
10(Həmin gün) kafirlərə asan olmayacaqdır.
11(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.
12Mən ona çoxlu var-dövlət bəxş etdim,
13Hər zaman yanında olan oğullar (verdim),
14onu hər cür imkanlarla təmin etdim.
15(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.
16Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.
17Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.
18Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.
19Ona ölüm olsun! Necə qərar verdi?!
20Sonra ona ölüm olsun! Necə qərar verdi?!
21Sonra nəzər saldı.
22Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü.
23Sonra da arxasını çevirib təkəbbürlük göstərdi.
24və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
25Bu, insan kəlamından başqa bir şey deyildir".
26Mən onu Səqərə (Cəhənnəmə) salacağam.
27(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!
28O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!
29dərini yandırıb-yaxar.
30Onun üzərində on doqquz (gözətçi mələk) var.
31Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
32Xeyr! And olsun aya!
33And olsun dönüb gedən gecəyə!
34And olsun ağarmaqda olan sübh çağına!
35Doğrudan da o (Səqər) böyük bir bəladır.
36(O) insanlar üçün xəbərdarlıqdır.
37Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.
38Hər kəs etdiyi əməlin girovudur.
39Yalnız sağ tərəf sahiblərindən başqa.
40Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
41günahkarlar barəsində.
42Sizi Səqərə salan nədir?
43Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
44Miskini də yedizdirməzdik.
45Batilə dalanlarla birlikdə biz də dalardıq,
46Haqq-hesab gününü yalan hesab edərdik –
47ölüm bizə gələnə qədər”.
48Şəfaətçilərin şəfaəti onlara fayda verməz.
49Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?
50Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.
51Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar.
52Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.
53Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
54Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.
55İstəyən ondan öyüd alar.
56(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!