الحجرات
The Rooms • 18 ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Ey iman gətirənlər! (Heç bir işdə) Allahın və Onun rəsulunu qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.
2Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar.
3Allahın rəsulu yanında səslərini asta çıxaranlar, Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.
4(Ey Peyğəmbər!) Şübhəsiz ki, səni hücrələrin arxasından səsləyənlərin (bədəvilərin) əksəriyyəti (nə etdiklərini) anlamır.
5Əgər sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olardı. Allah Bağışlayandır, Rəhmlidir.
6Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız.
7Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə itaət etsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır.
8Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
9Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını islah edin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edənlə Allahın əmrinə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah edin və ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevər.
10Həqiqətən möminlər qardaşdırlar. Elə isə (mübahisə edən) iki qardaşınızın arasını islah edin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız.
11Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
12Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
13Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
14Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Lakin: “Biz tabe olduq!”– deyin. İman hələ qəlbinizə daxil olmamışdır. Əgər Allaha və Onun rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!”
15Möminlər ancaq Allaha və Onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır.
16(Ey Peyğəmbər! Bu bədəvilərə belə) de: “Siz dininizi Allahamı öyrədirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir.
17(Ey Peyğəmbər!) Onlar (Bədəvilər) İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər doğru danışırsınızsa, (bilin ki,) əslində Allah sizi imana gətirməklə sizə minnət qoyur!”
18Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah nə etdiklərinizi görəndir.