الفرقان
The Criterion • 77 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Aləmləri xəbərdar etməsindən ötrü quluna Furqanı nazil edən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
2Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, mülkündə də heç bir şəriki yoxdur. O, hər şeyi xəlq etmiş və ona münasib bir biçim vermişdir.
3(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər.
4Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqaları da kömək etmişlər”– dedilər. Beləcə, onlar zülmə və iftiraya yol verdilər.
5Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər.
6De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
7Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?
8Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.
9Gör sənə aid necə misallar çəkdilər! Onlar (haqq yoldan) azdılar və bir daha o yolu tapa bilməyəcəklər!
10İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
11Xeyr, onlar Qiyamət saatını da yalan saydılar. Biz də Qiyamət saatını yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
12O (Cəhənnəm) onları uzaqdan görüncə (kafirlər) onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.
13Onlar əlləri boynunda bağlı halda (Cəhənnəmin) dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər.
14(Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
15De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət cənnəti?”
16Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir.
17O gün Allah onları və onların Allahdan başqa ibadət etdiklərini məhşərə cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
18Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri (Quranı, öyüd-nəsihəti) də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir qövmə çevrildilər”.
19(Kafirlərə deyiləcək:) “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
20Səndən öncə göndərdiyimiz elçilərimiz də yemək yeyər, bazarları gəzib dolaşardılar. Biz sizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.
21Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
22Mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) haramdır, haram!”
23Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik.
24O gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
25O gün göy (bəyaz) buludla parçalanacaq və mələklər yerə endiriləcək.
26O gün (qiyamət günü) həqiqi mülk ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.
27O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
28Vay halıma! Kaş ki mən, filankəsi özümə dost tutmayaydım!
29Çünki Zikr (Quran) mənə gəldikdən sonra o məni ondan (Qurandan) uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
30Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.
31Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.
32Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.
33Onlar sənə elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
34Cəhənnəmə üzüstə sürüklənəcək kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.
35Biz Musaya Kitabı (Tövratı) verdik və qardaşı Harunu da ona köməkçi etdik.
36(Onlara:) “Ayələrimizi yalan sayan bir qövmün yanına gedin!”– dedik. Sonra Biz onları (o qövmü) yerli-dibli yox etdik.
37Biz Nuh qövmünü də elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
38Biz Adı da, Səmudu da, Rəss əhlini də və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).
39Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik.
40(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) diyarın yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar.
41Onlar səni gördükdə ancaq sənə lağ edib (belə deyirlər): “Budurmu Allahın elçi göndərdiyi kəs?
42Əgər biz məbudlarımıza ibadətdə səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər.
43Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkilmi olacaqsan?
44Yoxsa sən onların çoxunun eşidəcəyini və ya anlayacağını zənn edirsən? Onlar heyvan kimidirlər, bəlkə, ondan da (heyvandan da) daha çox haqq yoldan azmışlar.
45Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər Allah istəsəydi, onu hərəkətsiz bir halda saxlayardı. Sonra Biz günəşi ona dəlil etdik (kölgənin varlığını günəşə bağlı etdik).
46Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.
47Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanasız deyə) canlanma vaxtı edən Odur.
48Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
49onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək.
50Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi.
51Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik.
52Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et!
53Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
54Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir.
55Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir.
56Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.
57De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Ancaq sizdən kim Rəbbinə tərəf aparan doğru yol tutmaq istəyərsə (qoy tutsun)”.
58Sən, Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun qullarının günahlarından xəbərdar olması kifayətdir.
59O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşin üzərinə ucaldı. O, Rəhmandır. Bunu biləndən (Allah və ya Cəbraildən) soruş!
60Onlara: “Rəhmana səcdə edin!”– deyildikdə: “Rəhman nədir? Sənin bizə əmr etdiyinə səcdəmi edəcəyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
61Səmada bürcləri var edən və orada günəş və nurlu bir ay yaradan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır.
62Xatırlamaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən də Odur.
63Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam (xoş söz)!”– deyib keçərlər.
64Onlar gecəni Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
65Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et. Doğrusu, onun əzabı daimidir.
66Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”
67Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
68Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.
69Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.
70Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
71Kim tövbə edib saleh əməl edərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha tərəf dönər.
72Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan vüqarla ötüb keçərlər.
73Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
74Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”– deyərlər.
75Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua və salamla qarşılanacaqlar.
76Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
77De: “Əgər duanız (ibadətiniz) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”