الشعراء
The Poets • 227 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Ta. Sin. Mim.[1]
2Bunlar aydın Kitabın ayələridir.
3Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər.
5Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir.
7Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
8Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
9Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
10Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”
12(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
14Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
16Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17İsrail oğullarını bizimlə göndər!”
18(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”
20(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam.
21Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
22Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”.
23Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
26(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”
30(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”
31(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”
32(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
33Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
34(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
35O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
37bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
39İnsanlara deyildi: “Siz də yığışırsınızmı?
40Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
41Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər.
42(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
43Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.
44Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
45Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu.
46Sehrbazlar səcdəyə qapandılar
47və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –
48Musanın və Harunun Rəbbinə!”
49(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
50Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
51Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
52Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik.
53Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
54(O dedi:) “Bunlar kiçik bir dəstədir.
55Onlar bizi qəzəbləndirmişlər.
56Biz hamımız ayıq-sayıq olmalıyıq.”
57Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
58xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq).
59Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
60Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.
61İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.
62(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
63Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
64O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.
65Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik.
67Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
68Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
69Onlara İbrahimin əhvalatını da oxu.
70Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi.
71Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər.
72O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?
73Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.
75O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –
76həm siz, həm də ulu babalarınız?
77Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
78(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;
79(O Rəbb ki,) məni yedirdir və içirdir;
80(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;
81(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;
82(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
84Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!
85Məni Nəim cənnətinin varislərindən et!
86Atamı bağışla! Çünki o, azmışlardandır.
87(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!
88O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.
89Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar.
91Cəhənnəm də azğınlara göstərilər.
92Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –
93Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,
95İblisin bütün əsgərləri də, (həmçinin).
96Onlar orada höcətləşərək deyərlər:
97“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
99Bizi ancaq günahkarlar azdırdı.
100İndi isə bizim nə şəfaətçilərimiz,
101nə də (bizə) canıyanan bir dostumuz var!
102Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
103Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
104Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
105Nuh qövmü də elçiləri yalançı saydı.
106O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
107Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
108Allahdan qorxun və mənə itaət edin.
109Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
110Allahdan qorxun və mənə itaət edin!”
111Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.
112(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
114Mən iman gətirənləri qovan deyiləm.
115Mən yalnız açıq-aşkar bir qorxudanam”.
116Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
117(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
118Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
119Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik.
120Sonra qalanları isə suya qərq etdik.
121Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
122Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
123Ad tayfası da elçiləri yalançı saydı.
124O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
125Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
126Allahdan qorxun və mənə itaət edin!
127Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
128Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
129Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
130(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?
131Allahdan qorxun və mənə itaət edin!
132Bildiyiniz nemətləri sizə verəndən qorxun.
133O sizə heyvanat və oğul-uşaq verdi,
134(üstəlik) bağlar və çeşmələr də əta etdi.
135Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”.
136Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
137Bu, yalnız əvvəlkilərin adətidir.
138Biz əzaba düçar olan da deyilik”.
139(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
140Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
141Səmud tayfası da elçiləri yalançı saydı.
142O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
143Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
144Allahdan qorxun və mənə itaət edin.
145Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
146Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
147Bağlar və bulaqlar içində,
148əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)
149Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
150Allahdan qorxun və mənə itaət edin!
151Həddi aşanların əmrinə tabe olmayın.
152O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”.
153Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.
154Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”.
155(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).
156Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157Onlar dəvəni kəsdilər, sonra da peşman oldular.
158Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
159Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
160Lut qövmü da elçiləri yalançı saydı.
161O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
162Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
163Allahdan qorxun və mənə itaət edin!
164Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
165Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.
167Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.
169Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170Biz onu və bütün ailəsini xilas etdik.
171Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.
172Sonra da o birilərini məhv etdik.
173Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!
174Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
175Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
176Əykə əhli də elçiləri yalançı saydı.
177O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
178Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
179Allahdan qorxun və mənə itaət edin!
180Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
181Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182Düz tərəzi ilə çəkin.
183İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin.
184Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.
186Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.
187Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
188(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
189Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
191Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
192Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.
193Onu sadiq ruh (Cəbrail) endirdi –
194sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
195(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
196Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir.
197Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!
198Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
199və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
200Biz (küfrü) günahkarların qəlbinə belə saldıq.
201Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.
202O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
203Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204Onlar əzabımızın tez gəlməsini istəyirlər?
205Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
206sonra vəd olunduqları (əzab) onlara yetişsə,
207onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.
208Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.
209(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
210Onu (Quranı) şeytanlar endirmədi.
211Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.
212Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
213Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
214Ən yaxın qohumlarını qorxut!
215Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
216Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217Qüdrətli və Rəhmli olana təvəkkül et!
218O səni (namaza) duranda da görür,
219səcdə edənlər içində hərəkətinidə.
220Həqiqətən də, O, Eşidəndir, Biləndir!
221Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar.
223(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
224Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.
225Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226və etmədikləri şeylərdən danışırlar?
227Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.