الفجر
The Dawn • 30 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!
2And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!
3And olsun cütə və təkə!
4And olsun keçib getməkdə olan gecəyə!
5Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
6(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!
7Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!
8Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi.
9(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!
10Eləcə də dirəklər sahibi Firona?
11Onlar məmləkətlərdə həddi aşmış,
12Oralarda çoxlu fəsad törətmişdilər.
13Rəbbin də onlara əzab qamçısı endirdi.
14(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir.
15İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
16Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər.
17Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz.
18Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz.
19Mirası hərisliklə yeyirsiniz.
20Mal-dövləti də olduqca çox sevirsiniz.
21Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
22Rəbbin və mələklər səf-səf düzülərək gələcək
23və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?
24O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir.
25O gün Allahın verdiyi əzabı kimsə verə bilməz.
26Onun bağladığı kimi kimsə bağlaya bilməz.
27(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!
28Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!
29(Saleh) qullarımın arasına keç!
30(Onlarla birgə) Cənnətimə daxil ol!