الواقعة
The Event • 96 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Qiyamət vaqe olacağı zaman.
2Onun vaqe olacağına heç bir şübhə yoxdur.
3O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.
4Yer şiddətlə titrədiyi zaman,
5Dağlar parça-parça olub ovxalandığı
6(Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
7siz üç dəstəyə ayrılacaqsınız.
8Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
10(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!
11Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.
12Onlar Nəim cənnətlərində olacaqlar.
13Onların bir qismi əvvəlki ümmətlərlərdən.
14ِAz bir qismi də axırıncılardandır.
15(Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə
16qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –
18çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19ondan başları ağrımaz və məst olmazlar,
20bəyənib seçdikləri meyvələr
21və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).
22(Onlar üçün orada) iri qara gözlü hurilər vardır –
23Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).
24(Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).
25Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).
27Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28(Onlar) tikansız sidr ağacları,
29meyvələri salxım-salxım asılmış banan ağacları altında,
30daimi kölgədə,
31daim axan su (kənarında),
32çoxlu meyvələr –
33tükənməyən və qadağan edilməyən (meyvələr içində)
34və hündür döşəklər üstündə (olacaqlar).
35Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.
36Biz onları bakirə qızlar etdik –
37ərlərini sevən, həmyaşıdlar.
38(Bunlar) sağ tərəf sahibləri üçündür.
39Onların bir qismi əvvəlkilərdən,
40bir qismi də axırıncılardandır.
41Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42Onlar qızmar yel və qaynar su içində,
43qapqara duman kölgəsində olacaqlar.
44(Bu duman) nə sərin, nə də xoşagələndir.
45Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,
46böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər
47və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?
48Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”
49(Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.
51Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
52Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53qarınlarınızı onunla dolduracaqsınız,
54üstündən də qaynar su içəcəksiniz.
55Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.
56Bu, onların Din günündəki ziyafətidir.
57Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!
58Axıtdığınız nütfəni gördünüzmü?!
59Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!
60Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).
62Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!
63Əkdiyinizi gördünüzmü?!
64Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!
65Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,
66(və deyərdiniz:) “Biz ziyana uğradıq.
67Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”
68İçdiyiniz suyu gördünüzmü?!
69Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!
70Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!
71Yandırdığınız odu gördünüzmü?!
72Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!
73Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.
74(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!
75Ulduzların batdığı yerlərə and olsun!
76Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz.
77Həqiqətən, o, çox dəyərli Qurandır,
78qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).
79Ona yalnız pak olanlar toxunar.
80O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81(Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!
82Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!
83(Can) boğaza yetişdiyi zaman –
84həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.
85Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.
86Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız
87əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.
88Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,
89onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.
90Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91(ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).
92Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
93(onun) ziyafəti qaynar su olacaq,
94özü də Cəhənnəmdə yanacaqdır.
95Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.
96(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!