الزمر
The Groups • 75 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.
2Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!
3Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz.
4Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır.
5O, göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edər. Agah olun ki, O, Qüdrətlidir, Bağışlayandır.
6Allah sizi tək bir nəfərdən yaratdı. Sonra ondan zövcəsini yaratdı. O sizin üçün (erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi kimi) səkkiz cüt heyvan yaratdı. O sizi analarınızın bətnində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!
7Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı qalar. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, sinələrdə olanları biləndir.
8İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona dua edər. Sonra Allah ona bir nemət bəxş etsə o, daha öncə Ona dua etdiyini unudar və (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”
9Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi)?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! (Bundan) yalnız ağıl sahibləri ibrət alar”.
10(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yeri genişdir. Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.
11De: “Mən, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etməklə əmr olundum.
12Mənə həm də müsəlmanların birincisi olmaq əmr olundu”.
13De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.
14De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.
15Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”
16Onların üstündə oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!
17Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. (Ey Peyğəmbər!) Qullarımı müjdələ!
18O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır.
19Haqqında əzab sözü gerçəkləşmiş və Cəhənnəmdə olacaq kimsəni sənmi xilas edəcəksən?!
20Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, (ağacları və qəsrləri) altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.
21Məgər Allahın göydən su endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra (Allah) onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da (Allah) onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.
22Məgər Allahın, sinəsini (qəlbini) İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (qəlbi daşlaşmış kimsə ilə eyni ola bilərmi)?! Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər.
23Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab olaraq nazil etdi. Rəbbindən qorxanların Ondan (Quranın təhdidlərindən) dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın azdırdığı kimsəyə isə (doğru) yol göstərən olmaz.
24Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kimsə (yaxud Cəhənnəm oduna üzüqoylu atılan kimsə möminlə eyni ola bilərmi)? Zalımlara: “Dadın, etdiyiniz əməllərin cəzasını!”– deyilər.
25Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saydılar və buna görə əzab onlara gözləmədikləri yerdən gəldi.
26Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!
27Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb ibrət alarlar.
28(Biz onlara) heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə (Allahdan) qorxsunlar.
29Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.
30(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
31Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
32Allaha qarşı yalan uyduran və həqiqət ona gəldikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər?! Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
33Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.
34Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı işlər görənlərin mükafatıdır.
35Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcək.
36Məgər Allah Öz quluna kifayət deyilmi?! (Müşriklər) isə səni (Allahdan) başqaları ilə qorxudurlar. Allahın azdırdığı kimsəyə doğru yol göstərən tapılmaz.
37Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran tapılmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi?!
38Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud (Allah) mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
39(Ey Peyğəmbər!) De: “Ey qövmüm! Əlinizdən gələni (istədiyinizi) edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,
40rüsvayedici əzab kimə gələcək, kim davamlı əzaba düçar olacaqdır”.
41Biz Kitabı sənə, insanlar üçün haqq olaraq nazil etdik. Kim doğru yolla getsə, (xeyri) onun özünə olar, kim azğınlığa düşsə, (ziyanı) onun öz əleyhinə olar. Sən onlara vəkil deyilsən.
42Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
43Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi etdilər?! De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, onda necə?!”
44(Ey Peyğəmbər!) De: “Şəfaət bütünlüklə Allaha aiddir. Göylərin və yerin mülkü da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.
45Allah tək olaraq xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyər. Ondan (Allahdan) qeyriləri yad edildikdə isə onlar sevinərlər.
46(Ey Peyğəmbər!) De: “Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında ixtilafda olduqları (məsələlər) barəsində hökmü yalnız Sən verəcəksən!”
47Yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də zalımların olmuş olsaydı, onlar onun hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Allahdan onlara güman etmədikləri (bir əzab) üz verəcəkdir.
48Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək.
49İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra Biz ona Özümüzdən bir nemət bəxş etdikdə: “Bu mənə yalnız (özümdə olan) elmə görə verilmişdir!”– deyər. Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu (bunu) bilməz.
50Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları (dünya malı və oğul-uşaq) onlara heç bir fayda vermədi.
51Onlar etdikləri pis əməllərin cəzasını aldılar. Bunlardan zalım olanlar da qazandıqları günahların cəzasını alacaqlar. Onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər.
52Məgər onlar bilmirlər ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini də) azaldır?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.
53(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”
54Əzab sizə gəlməmişdən öncə Rəbbinizə dönün və Ona təslim olun. Sonra sizə heç bir kömək edilməz.
55Əzab sizə özünüz də hiss etmədən, qəfil gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun!
56(Sonra) kimsə deməsin: “Allaha qarşı etdiyim nöqsanlara görə vay mənim halıma! Həqiqətən, mən (iman və itaət əhlinə) istehza edənlərdən idim!”
57Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!”
58Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!”
59Xeyr, Mənim ayələrim sənə gəldi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.
60Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?!
61Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.
62Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır.
63Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər, məhz onlar ziyana uğrayanlardır!
64(Ey Peyğəmbər!) De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!”
65Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
66Xeyir, sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”
67Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (müşriklərin Ona) şərik qoşduqlarından ucadır.
68Sura üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcək. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.
69Yer Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara zülm olunmayacaq.
70Hər kəsə əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.
71Kafirlər dəstə-dəstə Cəhənnəmə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Bəli, (gəlmişdi), lakin əzab (Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!) sözü kafirlər barəsində gerçəkləşdi”– deyəcəklər.
72(Onlara) deyiləcək: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Təkəbbürlülərin yeri necə də pisdir!
73Rəbbindən qorxanlar isə dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”
74Onlar: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətdə istədiyimiz yerdə sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!”– deyəcəklər.
75Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!”– deyiləcəkdir.