الذاريات
The Scattering Winds • 60 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə!
2And olsun yağmur yükü daşıyan buludlara!
3And olsun asanlıqla üzüb gedən gəmilərə!
4And olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə!
5Sizə vəd olunan həqiqətdir.
6Haqq-hesab da, mütləq olacaqdır.
7And olsun gözəl görünüşü olan səmaya!
8(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz).
9Ondan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər.
10Məhv olsun yalançılar!
11O kəslər ki, cəhalət içində olan qafillərdir.
12Onlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar.
13O gün onlara odda əzab veriləcəkdir.
14(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!”
15Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,
16Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular.
17Onlar gecələr (ibadət edib) az yatırdılar.
18Sübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər.
19Mallarında dilənçinin və yoxsulun payı vardır.
20Yer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır.
21(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?!
22Göydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır.
23Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir.
24(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?
25Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi.
26O, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi.
27(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?”
28O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər.
29Zövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi.
30Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!”
31(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik.
33Onların üstünə gildən daşlar yağdırmaq üçün.
34Həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!”
35Biz orada olan möminləri (o kənddən) çıxartdıq.
36Biz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq.
37Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq.
38Musada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik.
39O (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi.
40Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41Ad qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik.
42O, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi.
43Səmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
44Onlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu.
45Onlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu.
46Daha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər.
47Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)!
49Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
50(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!
51Allahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!”
52Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
53Yoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür.
54(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan.
55Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.
57Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
60Vəd olunmuş günlərindən dolayı vay kafirlərin halına!