السجدة
The Prostration • 30 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Əlif. Ləm. Mim.[1]
2Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir.
3Yoxsa onlar: “(Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmə xəbərdar edəsən. Bəlkə onlar doğru yola yönələlər.
4Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünüb ibrət almayacaqsınızmı?
5O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksələr.
6O, qeybi və aşkarı biləndir. Qüdrət və Mərhəmət sahibidir.
7Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
8sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,
9sonra onu tamamlayıb müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürəklər vermişdir. Siz necə də az şükür edirsiniz!
10Onlar deyirlər: “Biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
11De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizə qaytarılacaqsınız!”
12Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl edək. Həqiqətən də, biz yəqinliklə inandıq!”– (deyəndə) görəydin!
13Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir.
14Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
15Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
16Onlar (gecə namazını qılmaq üçün) yanlarını yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.
17Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz
18Məgər möminlə fasiq eyni ola bilərmi? Eyni ola bilməzlər!
19İman gətirib saleh əməllər edənləri etdikləri əməllərə görə Məva cənnətlərində (əbədi) ziyafət gözləyir.
20Amma fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.
21Biz ən böyük əzabdan əvvəl onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.
22Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
23Biz Musaya Kitab (Tövrat) verdik. Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. Biz onu (Tövratı yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.
24Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
25Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
26Yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər var. Məgər onlar eşitmirlərmi?
27Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdirdiyimizi görmürlərmi? Hələ də bunu görmürlər?
28Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu (möminlərlə kafirlərin arasını ayıran) hökm nə vaxt olacaqdır?”– deyirlər.
29De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara (tövbə etmək üçün) möhlət də verilməyəcəkdir”.
30Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin başına bir müsibət gələcəyini) gözləyirlər.