القمر
The Moon • 55 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Qiyamət saatı yaxınlaşdı və ay yarıldı.
2Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər.
3Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır.
4Onlara (küfrdən) çəkindirən (neçə-neçə) xəbərlər gəldi.
5Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz.
6(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün
7onlar zəlilanə baxışlarla, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
8Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
9Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
10(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi.
11Biz göyün qapılarını leysan bir yağışla açdıq.
12Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu.
13Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
14İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
15Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?!
16(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
17Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
18Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
19Biz onların üstünə uğursuzluğu davamlı bir gündə çox soyuq külək göndərdik.
20O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
21(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
22Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
23Səmud (qövmü də) peyğəmbərləri (Salehi) yalan saydı.
24Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
25Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
26Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər.
27Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!
28Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
29Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi.
30(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
31Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
32Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
33Lut qövmü də peyğəmbərləri yalan saydı.
34Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik –
35Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
36(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
37Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”– (dedik).
38Sübh çağı onları daimi bir əzab yaxaladı.
39(Onlara:) Elə isə əzabımı və təhdidlərimi dadın! (dedik).
40Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
41Xəbərdarlıqlar Firon nəslinə də gəldi.
42Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
43(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!
44Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?!
45Bu dəstə məğlub olacaq və arxa çevirib qaçacaq.
46Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır.
47Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
48O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir).
49Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq.
50Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər.
51Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?!
52Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır.
53Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır.
54Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,
55Qadir Hökmdarın hüzurunda, haqq məclisində olacaqlar!