الروم
The Romans • 60 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Əlif. Ləm. Mim.[1]
2Rumlular məğlub edildilər;
3ən aşağı (və ya Ərəblərın yaşadığı yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
4bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
5Allahın zəfəri ilə. O, istədiyinə yardım edir. O, Qüdrətlidir, Rəhmlidir.
6Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bunu bilmir.
7Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə qafildirlər.
8Məgər onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən müddətə qədər yaratdığını düşünmürlərmi? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
9Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırmışdılar. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər.
10Sonra isə Allahın ayələrini yalan sayıb onlara istehza etməklə pislik göstərənlərin aqibəti lap yaman oldu.
11Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız.
12Qiyamət saatının gələcəyi gün günahkarlar (Allahın rəhmətindən) ümidlərini itirəcəklər.
13(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər.
14Qiyamət saatının gələcəyi gün (mömin və kafir olmaqla iki firqəyə) ayrılacaqlar.
15İman gətirib saleh əməllər edənlərə gəlincə isə, onlar Cənnət bağçalarında sevinc içində olacaqlar.
16Amma kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə, onlar əzaba düçar ediləcəklər.
17Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə tərif söyləyin.
18Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)
19O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız.
20(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız.
21Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
22Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün dəlillər vardır!
23Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü (ruzi) axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.
24Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.
25Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
26Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona boyun əyər!
27Məxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
28Allah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik.
29Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
30Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.
31Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
32O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə özündə olanlarla sevinər.
33İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar.
34(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
35Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlilmi göndərdik?
36İnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
37Məgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.
38Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.
39İnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.
40Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.
41İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.
42De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”.
43Qarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər.
44Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.
45(Bu ona görədir ki, Allah) iman gətirib saleh əməllər edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevməz.
46Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
47Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Üzərimizə bir haqqdır.
48Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən buludların arasından yağış çıxdığını görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinərlər.
49Halbuki o (yağış) onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.
50Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcək. O, hər şeyə qadirdir.
51Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
52Şübhəsiz ki, sən nə ölülərə (haqqı), nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
53Sən korları da zəlalətdən (çıxarıb) doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
54Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
55Qiyamət saatının qopacağı gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə döndərilirdilər.
56Elm və iman verilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.
57Həmin gün zalımlara üzür gətirmələri fayda verməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq.
58Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
59Allah (haqqı) bilməyənlərin qəlbini belə möhürləyər.
60Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa – (dindən dönməyə) sövq etməsinlər.